Dövlət Gömrük Komitəsinin Akademiyasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

2019-03-08

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev, Akademiyanın rəisi Qulu Novruzov, Akademiya kollektivinin xanım üzvləri, gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün Akademiyada təşkil olunan xidmətə hazırlıq təlimlərinin xanım dinləyiciləri iştirak ediblər.
Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev bayram münasibəti ilə Akademiyanın xanım əməkdaşlarını və xidmətə hazırlıq təlimlərinin xanım dinləyicilərini təbrik edib, xoş arzularını çatdırıb. İqbal Babayev ölkəmizin ictimai-siyasi həyatında Azərbaycanın mərd və fədakar qadınlarının böyük rolu olduğunu, qadınların hər zaman dövlət tərəfindən yüksək qiymətləndirildiyini, onlara xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib. Dövlət Gömrük Komitəsində aparılan islahatlardan söz açan sədr müavini gömrük xidmətində xanım əməkdaşların sayının son dövrlərdə artdığını, bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.
Akademiyanın rəisi Qulu Novruzov Azərbaycan qadınının ölkənin ictimai-siyasi, mədəni həyatda, o cümlədən, bütün sahələrdə tutduğu əhəmiyyətli mövqeyindən bəhs edərək, qadınların hər zaman cəmiyyətimizdə böyük rol oynadığını vurğulayıb. Qulu Novruzov Akademiyanın bütün xanım əməkdaşlarını və təlimlərin xanım dinləyicilərini təbrik edib.
Tədbirin sonunda xanımlara güllər təqdim olunub.

DGKA-nın İctimaiyyətlə əlaqələr şöbəsi