Dövlət Gömrük Komitəsinin Akademiyasında İSO standartları üzrə təlimlər başa çatıb

2019-03-04

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) beynəlxalq standartlar sisteminin qurulması, Akademiyanın beynəlxalq təhsil məkanına inteqrasiya olunması, təhsil sahəsində beynəlxalq layihələrə qoşulması və Akademiyada təhsilin keyfiyyəti, əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin İSO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə keçirilən təlimlər başa çatıb. Təlimlərdə Akademiyanın struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
DGKA ilə TSİ-nin Azərbaycan təmsilçiliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən təlimlər TSİ-nin Türkiyədən dəvət olunmuş nümayəndəsi – TSİ baş katibinin müşaviri, TSEN ISO 9001 - Keyfiyyətin İdarəolunması Sistemi üzrə baş auditor Arif Qani tərəfindən aparılıb.
İSO 9001-2015 (Keyfiyyəti idarəetmə sistemi) standartı üzrə başlanmış təlimlər fevralın 25-dən martın 1-dək davam edib. Təlimlərdə Arif Qani Keyfiyyətin İdarəolunması Sistemi üzrə baza təlimi, risk mərkəzli proses barədə təlim, daxili audit təlimi və sənədləşmənin aparılması üzrə təlimlər keçib.
Təlimləri uğurla bitirən Akademiya əməkdaşlarına sertifikatlar təqdim olunacaq.

DGKA-nın İctimaiyyətlə əlaqələr şöbəsi