Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi növbəti xidmətə hazırlıq təlimlərinin dinləyiciləri ilə görüşüb

2019-01-11

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün növbəti xidmətə hazırlıq təlimlərinin dinləyiciləri ilə görüşüb.
Akademiyanın rəisi dinləyiciləri salamlayaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin rəhbərliyi qarşısında gömrük orqanlarının bilavasitə ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması missiyasını daha peşəkarcasına yerinə yetirmək vəzifələri qoyulub. Akademiyanın rəisi Qulu Novruzov Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə bu istiqamətdə geniş işlər aparıldığını, mühüm addımlar atıldığını nəzərə çatdırdı.
Qulu Novruzov Akademiyada təşkil olunan xidmətə hazırlıq təlimlərinin məzmun, səmərəlilik əmsalı, intizam qaydaları, bu gün gömrük orqanları qarşısında qoyulan vəzifələrin icrası, lazımi bilik və bacarıqların mənimsənilməsi baxımından pilot layihə olaraq qiymətləndirilə biləcəyini vurğuladı. Akademiyanın rəisi bundan öncəki xidmətə hazırlıq təlimlərində 29, hazırkı təlimlərdə isə 39 xidmətə yeni qəbul olmuş əməkdaşın iştirak etdiyini bildirdi.
Qulu Novruzov təlimlərin daha səmərəli olması məqsədilə onların tamamilə yeni formatda, fərqli bacarıqlar, müasir texnologiyaların tətbiqinə yönəldilən biliklərin verilməsinə və təcrübəyə əsaslanan yeni tədris proqramı ilə təşkil olunduğunu qeyd etdi.
Gömrük xidməti ilə bağlı ictimai rəyin formalaşmasında gömrük xidməti əməkdaşlarının böyük rol oynadığını deyən Akademiya rəisi nəzərə çatdırdı ki, hər bir gömrük xidməti əməkdaşı dövlətçiliyə, azərbaycançılığa, vətənpərvər xüsusiyyətlərə  malik, Vətənə sadiq olmalı, bununla yanaşı, peşəkar, eyni zamanda, yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olmalıdır.
Qulu Novruzov dinləyicilərə uğurlar arzulayaraq, təlimlər zamanı əldə etdikləri bilik və təcrübənin gələcək fəaliyyətlərində onlar üçün gərəkli olacağına əminliyini bildirdi.


DGKA-nın İctimaiyyətlə əlaqələr şöbəsi