Gömrük Komitəsinin Akademiyasında “Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib

2018-12-03

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirilib.
Akademiyanın rəis müavini, gömrük xidməti polkovniki Şəmsəddin Abışov hər il dekabrın 1-də bəşəriyyətin ağır bəlalarından biri olan QİÇS-lə mübarizə gününün qeyd olunduğunu deyib. Şəmsəddin Abışov gənclərin sağlamlığa ziyan vuran vərdişlərdən, həmçinin bu xəstəlikdən uzaq olmaları üçün onların maarifləndirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib. Rəis müavini gəncləri sağlamlığa zərərli olan bütün vərdişlərdən uzaq durmağa çağırıb.
Tibb xidməti şöbəsinin tibb bacısı Səbirə Əlişova “Qiçs xəstəliyi, onun zərərləri və ondan  qorunma yolları” mövzusunda maarifləndirici təqdimatla çıxış edib. Səbirə Əlişova qazanılmış immun çatışmamazlığı sindromunun (QİÇS) meydana gəlməsindən, Ümumdünya QİÇS-lə mübarizə gününün təsis olunmasından, ümumilikdə bu günün tarixindən, dünya ölkələrində bu ağır xəstəliklə mübarizə üsullarından və xəstəliyin müalicəsindən söz açıb. S.Əlişova sağlam həyat tərzinin vacibliyini vurğulayaraq, gənclərə zərərli vərdişlərdən uzaq durma yollarını izah edib, sağlamlığa ziyan vura biləcək əməllərdən kənar olmağı tövsiyə edib.
Sonda sözügedən mövzuya həsr olunmuş maarifləndirici videoçarx nümayiş olunub.
Qeyd edək ki, bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. Dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra 1988-ci ildə təsis edilib. Bundan sonra Dünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb.