Dövlət Gömrük Komitəsinin Akademiyasında Sabunçu “Gənclər Evi”nin təqdimatı keçirilib

2018-11-30

Noyabrın 29-da Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri ilə Sabunçu “Gənclər Evi”nin nümayəndələrinin ilk görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan Akademiyanın Təlim və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov Azərbaycanda gənclər siyasətinin əsasının 1993-cü ildən Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib. Hər bir ölkənin gələcəyinin gənclərin tərbiyə olunmasından, həyata hazırlanmasından, təhsil almasından və dövlətçiliyə, tarixinə, mədəniyyətinə, ədəbi irsinə, öz ənənələrinə sadiq vətəndaş kimi yetişməsindən asılı olduğunu bildirib. Dövlətimiz tərəfindən gənclər üçün hər cür şəraitin yaradıldığını vurğulayaraq, tələbə-gənclərə bu imkanlardan yararlanmağı tövsiyə edib. Ramiz Hümbətov bildirib ki, gömrük xidməti ölkənin iqtisadiyyatında çox vacib rol oynayır və ölkənin büdcəsini formalaşdıran iki qurumdan biridir. Akademiyaya qəbul olan tələbələrin hamısının yüksək biliyə malik gənclər olduğunu deyən rəis müavini onların sosial həyatda fəallıq nümayiş etdirmələrinin, dövlətimizin gənclər siyasətinin ən fəal üzvləri olmalarının vacibliyini vurğulayıb. Akademiyanın rəhbərliyinin bu işdə hər bir tələbəyə dəstək verəcəyini qeyd edib.
Daha sonra Sabunçu “Gənclər Evi”nin koordinatorları Aydan Ağayeva və Samir Mehralıyev tələbələr üçün təqdimatla çıxış ediblər. Tələbələrə “Gənclər Evi”nin fəaliyyəti və yaradılan imkanlar haqqında geniş məlumat verilib. “Gənclər Evi”ndə müxtəlif imkanlar, o cümlədən vətənpərvərlik, sağlam həyat tərzinin təbliği, ictimai həyatda iştirak, yaradıcılıq və peşə tədrisi istiqamətində hər cür imkanlar olduğu qeyd edilib.