Dövlət Gömrük Komitəsinin Akademiyasında “Dövlət bayrağı günü” qeyd olunub

2018-11-08

Noyabrın 8-də Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Dövlət bayrağı günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi və oxunması ilə başlayıb.  

Tədbiri giriş sözü ilə açan Akademiyanın Tədris və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov tələbələri və əməkdaşları bayram münasibətilə təbrik edib, bayrağımızın hər bir azərbaycanlı üçün qürur mənbəyi, dövlətçiliyimizin simvolu olduğunu vurğulayıb. Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin bayraqlarının sırasında xüsusi yer tutan indiki bayrağımızın Şərqdə ilk demokratik respublika olan, 100 illiyini qeyd etdiyimiz Azərbaycan Cümhuriyyəti tərəfindən təsis edildiyini, 70 il ərzində sovetlər dövründə yasaq olunduğunu, yalnız Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu bayrağın Naxçıvan Muxtar Respublikasının bayrağı elan edildikdən sonra onun ikinci həyatının başlandığını qeyd edib. R.Hümbətov gənclərə Vətənə, dövlətimizin simvollarına hörmət və ehtiram nümayiş etdirməyi, bayrağımızı hər zaman uca tutmağı tövsiyə edib. 

Sonra Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısı səsləndirilib.

“Hüquqşünaslıq “ ixtisasının 1-ci kurs tələbəsi Aynur Mirzəyeva şair Ramiz Qusarçaylının müəllifi olduğu “Azərbaycan bayrağı” şerini oxuyub.

    “Hüquqşünaslıq” ixtisasının 3-cü kurs tələbəsi Mirtehran Salayev özünün müəllifi olduğu “Bayraq” şerini təqdim edib.

 Tədbirin sonunda Akademiyanın qarşısındakı meydanda tələbələr fləşmob nümayiş etdiriblər.