DGKA-da Tələbə Gənclər Təşkilatının təqdimatı keçirilib

2018-10-11

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndəsi Ənvər İsmayılzadənin iştirakı ilə bu ali məktəbin Tələbə Gənclər Təşkilatının (TGT) yeni seçilmiş üzvlərinin tələbələrlə görüşü keçirilib.

Akademiyanın rəis müavini, professor Ramiz Hümbətov Azərbaycanda dövlət tərəfindən aparılan uğurlu gənclər siyasətindən söz açıb. O, gənclərin yaradıcı şəxsiyyət kimi formalaşmasında tələbə-gənclər təşkilatlarının böyük rol oynadığını bildirib və tələbələrə təhsillə bərabər, ölkəmizin və Akademiyanın ictimai-sosial həyatında, o cümlədən mədəni-kütləvi tədbirlərdə fəal iştirak etməyi, asudə vaxtlarını səmərəli qurmağı və sosiallaşmağı tövsiyə edib.

TGT-nin sədri Elgiz Eyvazlı TGT-nin fəaliyyət planları barədə tələbələrə geniş məlumat verib. O, tələbələrin ictimai-sosial-mədəni həyatının zənginləşdirilməsi, bilik və bacarıqlarının inkişafı üçün mühüm işlərin həyata keçiriləcəyinin planlaşdırıldığını, çoxsaylı layihələrin, müxtəlif tədbirlərin təşkil ediləcəyini diqqətə çatdırıb və bütün bu layihələrdə tələbələri aktiv iştirak etməyə səsləyib.  

ATGTİ-nin nümayəndəsi Ənvər İsmayılzadə təmsil etdiyi qurumun tarixi və fəaliyyəti haqqında geniş məlumat verib. O, ATGTİ-nin Tələbə endirim kartının imkanları barədə danışaraq, bir çox ödənişli yerlərdə, o cümlədən kitab mağazalarında bu kartla tələbələr üçün xüsusi endirimlər tətbiq edildiyini diqqətə çatdırıb. O, hazırda endirim kartının qeydiyyatının açıq olduğunu nəzərə çatdırıb.

Tədbirin sonunda TGT-nin struktur bölmələrini təmsil edən yeni üzvlər təqdimatla çıxış edərək, qarşıda duran vəzifələr, görüləcək işlər və yeni layihələr barədə danışıblar.