Bizlə əlaqə (994 12) 404 22 00

Dövlət Gömrük Komitəsinin Akademiyasında Yekun Dövlət Attestasiya başa çatıb

2018-06-22

20-22 iyun 2018-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının sonuncu tədris ili tələbələrinin Yekun Dövlət Attestasiyası (buraxılış işinin müdafiəsi) keçirildi.

Tələbələrin biliyinin yekun qiymətləndirilməsi üzrə Yekun Dövlət Attestasiyasının iclaslarında  Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev də iştirak edib və qiymətləndirmə prosesi ilə yaxından tanış olub.  Qeyd edək ki, İqtisadiyyat ixtisası üzrə komissiyanın sədri, Azərbaycan Respublikası Vergilər Naziri Mikayıl Cabbarov, Hüquqşünaslıq ixtisası üzrə isə komissiyanın sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev idi. Həmçinin, Dövlət Gömrük Komitəsinin rəhbərliyi və  Azərbaycan Respublikasının bir sıra mötəbər ali təhsil müəssisələrinin müəllimləri hər iki ixtisas üzrə Komissiyaların üzvləri kimi yekun qiymətləndirmədə iştirak edirdilər.

İmtahandan əvvəl komissiya sədrləri tələbələrə uğurlar arzulayıb, onların məzun olduqdan sonra əldə etdikləri bilik və bacarıqları dövlətimizin inkişafı, xalqımızın rifahına sərf edəcəklərinə ümidvar olduqlarını bildiriblər. Sonra tələbələr ixtisasları üzrə seçdikləri mövzuya uyğun buraxılış işlərini təqdim edib, imtahan komissiyası sədrləri və üzvlərinin suallarını ətraflı cavablandırıblar.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılmış və 2014-2015-ci tədris ilinin sentyabr ayından fəaliyyətə başlamış  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası bu il Gömrük işi fakültəsinin Hüquqşünaslıq və İqtisadiyyat ixtisaslarının bakalavriat təhsil pilləsi üzrə ilk məzunlarının buraxılışını həyata keçirir. Yekun Dövlət Attestasiyasının qiymətləndirməsinə əsasən bu il Akademiyanın İqtisadiyyat ixtisası üzrə 20, Hüquqşünaslıq ixtisası üzrə 17 tələbə təhsili başa vurmuş hesab edilir.