DGKA-da Azərbaycan Silahlı Qüvvələrin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

2018-06-25

25 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Silahlı Qüvvələrin 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə Akademiyanın müəllim-tələbə heyəti, müdavimlər eləcə də əməkdaşları iştirak ediblər.

Tədbir dövlət himnimizin səsləndirilməsi ilə açıq elan olundu.

Tədbirdə Akademiyanın rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev çıxış etdi. O, tədbirdə iştirak edənləri bayram münasibətilə təbrik etdi və Azərbaycan Xalq Cümhuriyyətinin mühüm nailiyyətlərindən olan Silahlı Qüvvələrin yaradılmasının tarixçəsindən bəhs edərək, Xalq Cümhuriyyətinin dövlət quruculuğu, beynəlxalq əlaqələri, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurları barədə məlumat verdi.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Lakin, həmin dövrdə siyasi hərcmərclik, xaos şəraiti və siyasi qüvvələr arasında qarşıdurmalar Milli Ordunun siyasi qüvvələrin əlində alətə çevrilməsi ilə nəticələndi. Yalnızca, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələri bərpa edildi. Bütün istiqamətlər üzrə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycan sürətlə inkişaf etdi və müharibə şəraitində yaşadığımız bir dövrdə Ordu quruculuğu bizim üçün ən başlıca, prioritet məsələyə çevrildi.

Hazırda, Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika almaqla yanaşı, həmçinin Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirməyə xidmət edir. Son illər ərzində yaradılmış 20-dən çox hərbi zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur və ordumuz təchiz edilir. Eyni zamanda, Azərbaycan artıq hərbi məhsullarını ixrac etməyə başlamışdır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.