DGKA | Dövlət Gömrük Komitəsinin Akademiyasında Bayraq Günü və Konstitusiya günü münasibətilə tədbir keçirilib




Dövlət Gömrük Komitəsinin Akademiyasında Bayraq Günü və Konstitusiya günü münasibətilə tədbir keçirilib

2014-11-13 19:38

Noyabrın 8-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Bayraq Günü və Konstitusiya günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Daha sonra isə tələbələrin hazırladığı slaydlar vasitəsiylə dövlətimizin atributu olan bayraq barədə təqdimat olub. Akademiyanın İqtisadiyyat fakültəsinin tələbəsi Şirin Məmmədovun hazırladığı təqdimatda Azərbaycan ərazisində mövcud olan dövlətlərin bayraqları, onların yaranması barədə məlumat verilib. Slaydlar vasitəsiylə auditoriyaya əyani şəkildə göstərilən bayraqlar, onların üzərindəki simvollar barədə məlumat verən tələbə 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin ilk dövlət atributu olan, üzərində aypara və səkkizguşəli ulduzun həkk olunduğu bayraqdan bəhs edib. Təqdimatda o da vurğulanıb ki, Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra yaranan Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı 5 dəfə dəyişdirilsə də üçrəngli milli bayrağımız xalqımızın qəlbində hər zaman yaşayıb. Təqdimatda müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli milli bayrağımızın ilk dəfə 1990-cı ildə Naxçıvanda dalğalandığı, nəticədə 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən dövlətin əsas atributu kimi qəbul edildiyi xüsusi vurğulanmışdır. Təqdimatda dahi lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələrinin ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirildiyi, hər il 9 noyabr tarixinin Dövlət Bayrağı günü kimi qeyd olunmasının, Dövlət Bayrağı Meydanının tikilib istifadəyə verilməsinin və burada dünyada ən hündür bayraq dirəyinin ucaldılmasının bunun bariz nümunəsi olduğu qeyd edildi.

Hüquq fakultəsinin tələbəsi Amal Əliyevin Konstitusiya gününə həsr olunan təqdimatı da slaydlar vasitəsiylə dinləyicilərə təqdim olundu. Amal Əliyev dünya tarixində ilk şifahi və yazılı qanunların necə yaranmasından, Azərbaycan ərazisindəki dövlətlərin qanunlarından, Azərbaycan Xalq Cumhuriyyətinin İstiqlal bəyannaməsindən və Azərbaycan SSR konstitusiyasından, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və xalqın müzakirəsinə verildikdən sonra 1995-ci ilin noyabr ayının 12-də ümumxalq referendumu ila qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasından ətraflı bəhs etdi. O 1996-ci ilin fevral ayının 6-da Ulu öndərin imzaladığı sərəncama əsasən hər il 12 noyabr tarixinin Konstitusiya günü kimi qeyd edilməsinin ölkəmizin əsas qanununa hörmət və ehtiramın nümunəsi olduğunu vurğuladı.

Hər iki təqdimat tədbirdə iştirak edən DGK rəhbərliyi və tələbələr tərəfindən alqışlarla qarşılandı.

Tələbələr qarşısında çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov hər iki əlamətdar günün qeyd edilməsi münasibəti ilə keçirilən tədbirin bu şəkildə təşkil edilməsi barədə təşəbbüsün tələbələrdən gəldiyini qeyd edərək təşəbbüsü bəyəndiyini bildirdi. Tələbələrin hazırladığı təqdimatın uğurlu alındığını qeyd edən Komitə sədrinin müavini bunu tələbələrin vətənə, dövlətə, onun əsas atributu olan bayrağa hörmət və məhəbbətinin nümunəsi olduğunu qeyd etdi.