“Əməliyyat axtarış fəaliyyətinin əsasları” dərsliyinin təqdimatı keçirilib

2018-06-04

4 iyun, 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Hüquq və hümanitar fənlər kafedrasının baş müəllimi Şahin Hüseynovun həmmüəllif olduğu “Əməliyyat-axtarış fəaliyyətinin əsasları (elmi-nəzəri, hüquq əsasları və təcrübi aspektləri)” dərsliyinin təqdimat mərasimi keçirildi. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və müdavimləri iştirak etdi. 

Kitabı Akademiyanın rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev təqdim etdi. O, “Əməliyyat axtarış fəaliyyətinin əsasları” dərsliyinin əhəmiyyətindən danışdı, onun nəinki hüquqşünaslıq ixtisasında təhsil alan tələbələrin, eləcə də bütün digər sahələrdə çalışan vətəndaşların hüquq sahəsində marifləndirilməsi istiqamətində əsaslı faktor olacağını bildirdi.

“Əməliyyat axtarış fəaliyyətinin əsasları (elmi-nəzəri, hüquq əsasları və təcrübi aspektləri)” dərsliyi hüquq elmləri doktoru, professor Kamil Səlimov, Şahin Hüseynov, eləcə də, Bakı Dövlət Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Hüquq və İnsan Haqları İnstitutunun professor-müəllim heyətinin birgə əməyi ilə ərsəyə gəlib.

“Əməliyyat axtarış fəaliyyətinin əsasları: elmi-nəzəri əsasları və təcrübi aspektləri” adlı dərslik əməliyyat axtarış fəaliyyət sahəsinə həsr edilm iş ilk açıq qrifli dərslikdir. Dərslik hüquq mühafizə orqanlarının akademiyaları və digər ali təhsil müəssisələrinin müdavim və tələbələri, əməkdaşları  hüquqşünaslar, hüquq mühafizə orqanlarının əməkdaşları, eyni zamanda bu fəaliyyətlə məşğul olan insanlar, elmi-tədqiqat işlərində fəaliyyət göstərən şəxslər üçün hazırlanmışdır.

Qeyd edək ki,  Ş. Hüseynovun və digər müəlliflərin “Əməliyyat axtarış fəaliyyətinin əsasları” dərsliyinin  geniş təqdimatı 1 iyun 2018-ci il tarixində “Hüquq Ədəbiyyatı” ixtisaslaşmış kitab evində keçirilmişdi. Təqdimatda Bakı Dövlət Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Hüquq və İnsan Haqları İnstitutunun və Daxili İşlər Nazirliyinin Akademiyasının hüquq sahəsində dərin elmi-nəzəri, eləcə də parktiki təcrübəsi olan bir sıra mütəxəssisləri iştirak ediblər.