Bizlə əlaqə (994 12) 404 22 00

1993-cü il Gəncə hadisələrindən 25 il ötür

2018-06-04

4 iyun, 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında 1993-cü il Gəncə hadisələri xatırlandı. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və müdavimləri iştirak etdi.  

Tədbirdə Gəncə hadisələri haqqında məlumat verən Akademiyanın rəis müavini, gömrük xidməti polkovniki Nizami Quliyev bildirdi ki, 1993-cü ilin iyununda baş vermiş hadisələri  təəssüf hissi ilə xatırlayırıq. 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycan məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Əsas səbəb o vaxtkı hakimiyyətin idarəçilik təcrübəsinin olmaması, səriştəsizliyi idi. 4 iyun hadisələrindən sonra həmin vaxt iqtidarda olan AXC - Müsavat hakmiyyətinin dəyişdirilməsi çox obyektiv zərurətə çevrildi. Ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıtmasaydı, ikinci dəfə nail olduğumuz dövlət müstəqilliyimiz də birinci respublikamızın taleyini yaşayacaqdı. 

Heydər Əliyev 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıtması ilə hər şey çətinliklə də olsa, qaydasına düşməyə başladı. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanda baş verən vətəndaş müharibəsinin qarşısı alındı.

Qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa edən andan respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar, əhali arasında günbəgün öz nüfuzunu itirirdi. Xaos və anarxiyanın baş alıb getməsi, torpaqlarımızın ermənilər tərəfindən hissə - hissə işğal olunması, qeyri - qanuni silahlı birləşmələrin özbaşınalığı xalqın hakimiyyətə olan qəzəbini artırmışdı.

Həmin vaxt, iqtidarın “qəhrəman” elan etdiyi polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Silahlı qarşıdurmanın qarşısını almaq məqsədilə Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı son həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına daha da yaxınlaşdı.

Heç kimə tabe olmaq istəməyən polkovnik Sürət Hüseynov əvvəlcə baş nazir və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. S.Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin Müdafiə Nazirliyinə tabe olmaması, şimalda və cənubda separatçı qüvvələrin fəallaşması hakimiyyət böhranını daha da dərinləşdirirdi. 

Ölkədə vətəndaş qarşıdurması başlanmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən AXC - Müsavat iqtidarı ölkəni yaranmış böhrandan və silahlı qarşıdurmadan xilas etmək üçün ulu öndər Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə əmin - amanlıq, sabitlik yarandı, mövcud olan ziddiyyətlərin, silahlı qarşıdurmanın aradan qaldırılması istiqamətində ciddi və əhəmiyyətli tədbirlər görüldü. Qeyri - qanuni silahlı qruplaşmalar tədricən ləğv edildi. İnsanların gələcəyə olan inamı artdı. Azərbaycanda həyat tədricən öz axarına düşdü. 4 iyunun yaratdığı nəticələr tədricən aradan qaldırıldı.