DGKA müəllimləri təlimdə

2018-05-14

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimləri İlqar Kərimbəyli və Fuad Məmmədov 14-16 may tarixlərində Bakı şəhəri Qafqaz Point otelində "Bitki sağlamlığı, fitosanitar nəzarət və idxal ilə əlaqədar məsələlərin beynəlxalq aspektləri" mövzusuda keçirilən təlimdə iştirak ediblər.

Təlim Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin İnkişafına Dəstək" layihəsi çərçivəsində təşkil edilmişdir. 3 gün davam edən təlim çərçivəsində Polşadan olan beynəlxalq ekspert Cazek Zandarski Bitki Mühafizəsi Haqqında Beynəlxaq Konvensiya (İPPC), Avropa İttifaqının bitki sağlamlığına dair tədbirləri və bu sahədə beynəlxalq kontekstin digər elementləri ilə bağlı iştirakçıları məlumatlandırıb, əldə olunan biliklər çərçivəsində fərdi çalışmalar və müzakirələr aparılıb.
Təlimdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin, Astara, Balakən, Biləsuvar, Xaçmaz, Tovuz gömrük idarələrinin, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin və Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları iştirak ediblər.