Bizlə əlaqə (994 12) 404 22 00

Şuşanın işğalından 26 il ötür

2018-05-08

8 may tarixində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasında Şuşanın işğal ilə bağlı tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi və müdavimlər iştirak edib. Tədbirdə Qarabağ döyüşlərində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının  rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev Kamandar tədbir iştirakçılarına Şuşanın tarixi haqqında ətraflı danışaraq, gənclər tərəfindən  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacib olduğunu  vurğulayıb. O qeyd edib ki, 300 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. 

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı kimi bir neçə tarixi muzeylər və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

Ümid edirik ki, tezliklə qədim mədəniyyət ocağı və tolerantlıq məkanı olan Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə səylər göstərəcək, uzun illərdir Azərbaycana qarşı davam edən təcavüz siyasətinə son qoyulacaq, ölkəmizdə və bütövlükdə regionda sülh, davamlı inkişafa nail olunacaqdır.