Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da Məhkəmə simulyasiyası təşkil edildi

2018-04-25

25 aprel 2018-ci il tarixində Azərbaycan Resoublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə II tədris ili tələbələri tərəfindən səhnələşdirilmiş məhkəmə oyunu təşkil olunmuşdur. Akademiyada “Əmək hüququ” fənnini tədris edən prof. Mayis Əliyev tərəfindən təşkil olunmuş məhkəmə prosesi “Rol oyunları” metodundan istifadə edilməklə “İşdən çıxarma üzrə əmək mübahisələri”nin həll edilməsi ilə bağlı  olmuşdur.

Qeyd edək ki, Məhkəmə Simulyasiyasının keçirilməsində əsas məqsəd Hüquqşünaslıq ixtisası tələbələrinin hüquqi biliklərini praktiki təcrübə ilə birləşdirərək hüquqşünas kimi yetişmələrinə dəstək olmaqdır. Məhkəmə oyunu tələbələri qanunvericiliyi daha dərindən araşdırmağa  vadar etməklə yanaşı, onlara təhlil və analiz etməklə, nəzəri bilikləri ilə təcrübə  uzlaşmasını və müqayisəsini aparmalarına imkanı yaradır. Həmçinin tələbələr Məhkəmə prosesinin hansı prosedur çərçivəsində həyata keçirildiyini və qərarların hansı meyar və əsaslara görə qəbul edildiyini mənimsəmiş olurlar.

Məhkəmə prosesində rolları tələbələrdən hakim İmamverdi Novruzlu, məhkəmə iclas katibi Cəmilə Muxtarova, iddiaçı Aliyə Məmmədhəsənzadə, iddiaçının vəkili Həsən Həsənzadə, cavabdeh Zeynəb Babayeva, cavabdehin vəkili Elvin Qazaxov və digərləri məharətlə oynamışlar. Sonda məhkəmə prosesinin geniş müzakirəsi keçirilmiş və tədris prosesində simulyasiya metodunun tətbiqinin əhəmiyyəti vurğulanmışdır.

Məhkəməsi Simulyasiyasını izləyən Akademiyanın rəhbərliyi və Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov tələbələrin təşəbbüsünü yüksək qiymətləndirdi və  göstərdikləri fəallığa görə  minnətdarlıq etdi. Həmçinin, gələcəkdə belə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğuladı.