Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da “Korrupsiyaya qarşı mübarizə” seminarı təşkil edilib

2018-04-16

16 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında “Korrupsiyaya qarşı mübarizə” adlı seminar təşkil edilib. Seminar Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Aydın Əliyevin “Korrupsiyaya qarşı mübarizə” haqqında müvafiq əmrinin icrasını təmin etmək və nəzarəti möhkəmləndirmək məqsədilə planlaşdırılmış silsilə seminarlar çərçivəsində DGKA-da təşkil edilmişdir. Seminarda Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları ilə yanaşı “Azərterminal Kompleks" Birliyinin və Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin əməkdaşları da iştirak edirdi. Seminarın əsas mühazirəçiləri Dövlət Gömrük Komitəsinin Daxili Nəzarət Şöbəsinin rəisi Hikmət Bəhrəmov və Xidməti Araşdırmalar Şöbəsinin baş inspektoru Vəli Həsənli idi.

Seminarda açılış sözünü Akademiyanın rəis müavini, gömrük xidməti polkovniki Nizami Quliyev dedi. O, korrupsiyaya probleminin bütün dünyada ən aktual problem olduğunu qeyd edərək bildirdi ki, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunması dövlət orqanlarının, vəzifəli şəxslərin olduğu kimi, bütün Azərbaycan Respublikası vətəndaşlarının borcudur.

Daha sonra, Xidməti Araşdırmalar Şöbəsinin baş inspektoru Vəli Həsənli çıxış etdi və korrupsiya, korrupsiya ilə əlaqədar hüquqpozmalar, onların subyektləri, korrupsiyaya qarşı mübarizəni təmin edən dövlət orqanları, korrupsiyanın qarşısının alınması sahəsində mövcud olan tələblər, qaydalar və qanunlar,  korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan qaldırılması məsələləri və bir sıra digər vacib problemlər haqqında ətraflı məlumat verdi. Vəli Həsənli həmçinin, Gömrük orqanlarında baş vermiş və aradan qaldırılmış, eləcə də, gömrük orqanlarının əməkdaşları tərəfindən aşkar edilmiş korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında seminar iştirakçılarını məlumatlandırdı.

Sonda,  Akademiyanın rəis müavini Nizami Quliyev “Korrupsiyaya qarşı mübarizə” tədbirini yüksək qiymətləndirərək, onun məlumatlandırmaq və maarifləndirmək baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı.