DGKA-da Aprel şəhidləri yad edildi

2018-04-05

5 aprel tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında 2016-ci il, 1-5 aprel tarixlərində  Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişənin 2-ci il dönümü ilə bağlı tədbir təşkil edilib. Tədbirdə Akademiyanın rəhbərliyi, müəllim-tələbə heyəti, müdavimlər eləcə də əməkdaşları iştirak ediblər.Tədbir şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla  yad edilməsi ilə başladı.

İlk  çıxışı Akademiyanın rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev etdi. O, tədbir iştirakçılarına Dördgünlük müharibə haqqında ətraflı məlumat verdi.
Aprel döyüşləri 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.  Aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hər iki tərəfin hərbi və mənəvi potensialının əslində nə dərəcədə və hansı səviyyədə olduğunun əsas göstəricisi oldu. Odur ki, döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmişdir. Qələbə nəticəsində, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Ümumilikdə, aprel döyüşlərinin nəticəsi olaraq 2 min hektar ərazimiz işğaldan azad edilib. Lakin, döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Şəhidlərimizin əziz xatirəsi  qəlbimizdə, ürəyimizdə daim yaşayacaq.

Nizami Quliyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin gücü, qüdrəti, peşəkarlığı, ciddi nizam intizam, lazımi səviyyədə təchizat, yetərli maddi-texniki baza və şəxsi heyətin ruh yüksəkliyi Dörd günlük Aprel döyüşlərinin qələbə ilə başa çatmasının başlıca səbəbləridir. Bu da öz növbəsində, dövlətin ordu quruculuğuna xüsusi diqqət və qayğısının nümunəsidir.

Tədbirdə İqtisadiyyat ixtisasının I təhsil ili tələbəsi Yusifov Orxan Aprel döyüşləri və şanlı hərbi qələbə haqqında çıxış etdi.  Hüquqşünaslıq ixtisasının I təhsil ili tələbəsi Rüstəmova Mülayim və Məlikov Həmid döyüşlərdə həlak olmuş şəhidlərə həsr olunmuş şerlər söylədilər.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbiçi ilə görüşündən videolent nümayiş etdirildi. Eyni zamanda, DGKA tələbələrinin şəhidlərimizin xatirəsinə hörmət olaraq hazırladıqları video çarx izləndi.

Tədbirin sonunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədrinin müavini gömrük xidməti general-leytenantı Şahin Bağırov çıxış edərək, tədbir haqqında ürək sözlərini söylədi. Şahin Bağırov tədbiri yüksək qiymətləndirərək, belə tədbirlərin gənclərin milli ruhda böyüməsi, zənginləşməsi üçün böyük əhəmiyyəti olduğunu bildirdi. Gəncləri qələbəyə, nailiyyətlərə həvəsləndirən tədbirlərin gələcəkdə də təkrarlanmasının vacibliyini vurğuladı.

O bildirdi ki, Aprel döyüşləri bizim dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri sübut etdi ki, Azərbaycan xalqı işğalla barışmayıb və ərazi bütövlüyünü bərpa edənədək mübarizə aparacaqdır. Həmçinin, bütün dünya şahid oldu ki, Dağlıq Qarabağ probleminin dinc yolla həllini üstün tutan Azərbaycan bu problemi bütün vasitələrlə həll etmək iqtidarındadır.