Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir

2018-03-29

29 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında “1918-ci il 31 mart soyqırımının  100-cü il dönümü” ilə əlaqədar tədbir təşkil edilmişdir. Tədbirdə Akademiyanın rəhbrliyi, müəllim heyəti, müdavimlər və tələbələr iştirak etmişdir.

Tədbir soyqırımnda qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla yad etilməsi ilə başladı.

Giriş sözünü Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının  rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev Kamandar oğlu deyərək,  xalqımıza qarşı törədilmiş soyqırımın tarixi haqqında ətraflı danışdı.

Nizami Quliyev Erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyi qeyd edərək, bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırım mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsidir.

 Nizami Quliyev həmçinin 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanın böyük tarixi əhəmiyyətini vurğulamış, onun xalqımızın milli şüurunda və özünü dərk etməsində mühüm rol oynadığını qeyd etmişdir.

Tədbirin gedişində DGKA-nın 1-ci kurs tələbəsi Qurbanlı Güləndam 31 mart qırğınının bütün təfərrüatlarını özündə əks etdirən geniş təqdimatla çıxış etmişdir.

Daha sonra Akademiyanın Əlavə təhsil şöbəsinin müəllimi Müzəffər Qurbanlı 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin salınması barədə məlumat verdi.

Karyera bölməsinin əməkdaşı Rəşad Zeynalov Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar öz fikirlərini bildirdi. O, gəncləri Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü qərəzli siyasətinə qarşı mübariz olmaları və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində fəal olmalarına çağırdı.

Tədbir Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş video materialın nümayişi ilə başa çatdı.