DGKA-da Xocalı faciəsi anılıb

2018-02-22

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi və Akademiyanın tələbələri iştirak edib.

Tədbir faciədə həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Giriş sözünü Akademiyanın rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov söylədi. O, faciənin Azərbaycan xalqının tarixindəki dərin izinin silinməyəcəyini və onun bundan sonra da hər zaman ilk günki kimi kədərlə xatırlanacağını vurğuladı. İsmayıl Ələkbərov 1992-ci il fevral ayının 26-sında Xocalıda erməni hərbiçiləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş soyqırım haqqında danışdı. Soyqırım zamanı 613 nəfərin amansızlıqla qətlə yetirildiyini, 1000 nəfərdən çox müxtəlif yaşlı dinc sakinin aldığı güllə yaralarından əlil olduğunu, 8 ailənin tamamilə məhv edildiyini bildirdi. Az yaşlı uşaqlara və qadınlara qarşı edilmiş vəhşilikləri xüsusi qeyd edərək əlavə etdi ki, bu cinayətin cəzasız qalmaması üçün Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyətinə bütün reallıqları ilə çatdırılmalıdır.

Hüquqşünaslıq ixtisasının I kurs tələbəsi, eyni zamanda Xocalıdan olan Rüstəmova Mülayim Xocalı hadisəsinin səbəblərini, həmin dövrdəki gərgin vəziyyəti və eləcə də ümummilli lider Heydər Əliyevin hadisə ilə bağlı bəyanatlarını əks etdirən təqdimat keçirdi.

Daha sonra  akademiyanın müəllimi Müzəffər Qurbanlı, Karyera bölməsinin böyük mütəxəssisi Rəşad Zeynalov və digər əməkdaşlar Xocalı Soyqırımı haqqında öz fikirlərini söylədilər. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsində gənclərin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyi vurğulandı.

Tədbir Xocalı faciəsinə həsr olunmuş qısa sənədli filmin nümayişi ilə başa çatdı.