DGKA tələbələri Liderlik məktəbində iştirak edir

2018-02-09

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının 7 nəfər tələbəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə əməkdaşlığı ilə 5-11 fevral tarixlərində Mingəçevir şəhərində tələbələr üçün təşkil edilən “Qış liderlik məktəbi” layihəsində iştirak edirlər.

Respublikanın müxtəlif  ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan 1 və 2-ci kurs tələbələri üçün təşkil edilən layihə “Yubiley - Liderlik məktəbi” adı altında həyata keçirilir.

Qeyd edək ki, Layihədə iştirak etmək üçün 2000-ə yaxın tələbə müraciət edib. Layihənin  iştirakçıları hər il olduğu kimi bir neçə mərhələdə təşkil edilən seçimlər əsasında müəyyən edilib.  ATGTİ-nin sonuncu müsahibə turunda müraciət edənlərdən 150 nəfər tələbə seçilərək düşərgədə iştirak hüququ qazanıb. DGKA-nı layihədə 7 nəfər tələbə təmsil edir.

11 fevral tarixinə qədər davam edəcək layihə çərçivəsində tələbələrlə bir sıra dövlət orqanlarının əməkdaşları, millət vəkilləri, və digər dövlət xadimləri və nümayəndələrin görüşü təşkil olunub.

Təlimçilər çərçivəsində iştirakçılara komanda işi, liderlik, media, layihələrin yazılması və bir sıra başqa mövzular üzrə təlimlər keçirilib. Eyni zamanda, gənclərə sosial gecələrdə komanda şəklində fəaliyyətlərini nümayiş etdirmək imkanı verilib.