Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da Milli Dirçəliş günü ilə əlaqədar tədbir keçirilib

2017-11-17

17.11.2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Milli Dirçəliş günü münasibətilə tədbir təşkil edilib. Tədbirdə Akademiyanın müəllim-tələbə heyəti, müdavimlər eləcə də əməkdaşları iştirak ediblər.

Tədbir dövlət himnimizin səsləndirilməsi ilə açıq elan olundu. Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə ilk  çıxışı Akademiyanın rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev etdi. O, tədbirdə iştirak edənləri bayram münasibətilə təbrik etdi və bu mötəbər günün tarixi ilə bağlı öz fikirlərini və xatirələrini paylaşdı.

1988-ci il noyabrın 17-i xalqın 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdığı gündür.

Həmin vaxt Qarabağ məsələsində respublika və SSRİ orqanlarının xalqımıza zidd siyasətinə və qərəzli mövqeyinə görə Bakının əsas meydanı sayılan Leninin adını daşıyan indiki Azadlıq meydanında etirazlar başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.

Qısa zamanda xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldı. Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq başlayan "Meydan hərəkatı" tezliklə Azərbaycanın müstəqilliyinə çağıran şüarlara keçdi. Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər.

 Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi. Minlərlə azadlıqsevər insanlar həbs edildi, lakin xalqın mübarizə əzmini qırmaq mümkün deyildi. 1988-ci il, noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.

Uzun və gərgin mübarizədən sonra, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Ona görədir ki, 17 noyabr dövlətimiz və xalqımız tərəfindən "Milli Dirçəliş Günü" kimi bayram edilir

Tədbirdə həmçinin, Akademiyanın müəllimi Qurbanlı Müzəffər, əməkdaşı Zeynalov Rəşad və müdavim Məmmədova Günel əlamətdar günlə bağlı çıxış etdilər.

Tədbir Azərbaycanın Milli Azadlıq hərəkatı haqqında sənədli filmin nümayişi ilə başa çatdı.