Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da Bayraq günü və Konstitusiya günü qeyd edildi

2017-11-08

08.11.2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Bayraq günü və Konstitusiya günü münasibətilə tədbir təşkil edilib. Tədbirdə Akademiyanın müəllim-tələbə heyəti, müdavimlər eləcə də əməkdaşları iştirak ediblər.

Tədbir dövlət himnimizin səsləndirilməsi ilə açıq elan olundu.

Tədbirdə ilk  çıxışı Akademiyanın rəis müavini gömrük xidməti polkovniki Nizami Quliyev etdi. O, iştirakçıları hər iki mötəbər gün münasibətilə təbrik etdi və Bayrağın yaranma tarixi haqqında, eləcə də konstitusiya haqqında geniş məlumat verdi.

Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nın bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. 

1995-ci ildə qəbul olunmuş Konstitusiya isə müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.

Tədbirdə Hüquqşünaslıq ixtisasının I kurs tələbəsi İsmayılova Rəbiyə Bayraq gününün tarixini, əsasını və əhəmiyyətini əks etdirən geniş təqdimatla çıxış etdi. Eyni zamanda, tələbələrdən Əhmədli Ləman və Qurbanlı Güləndam Konstitusiya günü ilə əlaqədar Azərbaycan Respublikasının konstitusiyasının tarixi, əhəmiyyəti və əsas maddələri haqqında hazırladıqları təqdimatı nümayiş etdirdilər.

Həmçinin, Akademiyanın müəllimi Qurbanlı Müzəffər, əməkdaşı Zeynalov Rəşad, müdavim Hacıyev Elvin və Həsənli Tural da əlamətdar günlərlə bağlı çıxış etdilər.

Tədbir bayrağımız və konstitusiyamız haqqında sənədli filmin və Akademiyanın tələbələrinin ingilis dilində hazırladıqları video çarxın nümayişi ilə başa çatdı.