Bizlə əlaqə (994 12) 404 22 00

DGKA-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26 illiyi qeyd edildi.

2017-10-16

16 oktyabr tarixində  Dövlət Gömrük  Komitəsinin Akademiyasında  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 26-cı ili qeyd edildi. Tədbir dövlət himnimizin səsləndirilməsi ilə açıq elan olundu.

Tədbirdə ilk  çıxışı edən Akademiyanın rəis müavini gömrük xidməti palkovniki Nizami Quliyev qeyd etdi ki, Azərbaycan xalqını 18 Oktyabra aparan yol nə qədər mürəkkəb idisə, bu müstəqilliyin qorunub möhkəmləndirilməsi də bir o qədər məsul və şərəfli idi. 18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib. 71 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tamamilə tükəndirə bilməmişdi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq hissləri 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənədin qəbul edilməsi ilə nəticələndi. Ali Sovetin 360 deputatından 258-si iştirakı ilə keçirilmiş səsvermə nəticəsində "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" yekdilliklə qəbul olundu.

Daha sonra Akademiyanın İqtisadiyyat ixtisasının I kursunda təhsil alan tələbəsi Yusifov Orxan “Azərbaycan Respublikasının müstəqilliyinin tarixi” mövzusunda təqdimatla çıxışı etdi. Müstəqilliyin ilk illərində hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycanın çiçəklənməsi uğrunda gərgin mübarizəsi, Azərbaycanın beynəlxalq aləmdə tanınması naminə gördüyü işləri və eləcə də gənclər siyasəti ilə bağlı fəaliyyəti  haqqında ətraflı danışdı.

Tədbirdə eyni zamanda Akademiyanın müdavimi Həsənli Tural Müstəqilliyin Azərbaycan xalqına qazandırdıqları və milli-mənəvi dəyərlər haqqında tədbir iştirakçıları qarşısında çıxış etdi.

 Karyera bölməsinin böyük mütəxəssisi gömrük xidməti baş leytenantı Rəşad Zeynalov Müstəqilliyin bərpası nəticəsində Azərbaycanın hər sahədə olduğu kimi, gənclərlə iş sahəsində də inkişafı, təhsil, milli dəyərlərə uyğun gəncliyin yetişdirilməsi və onların daha da inkişaf etdirilməsi haqqında danışdı.

Tədbir Azərbaycan Respublikasının müstəqilliyinin tarixi, bərpası və inkişafına həsr edilmiş qısa filmin nümayişi ilə başa çatdı.