Bizlə əlaqə (994 12) 404 22 00

DGKA əməkdaşı Riga Ali Hüquq məktəbində silsilə tədbirlərdə

2017-06-12

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Humanitar və hüquq fənləri kafedrasının müəllimi Babayeva Nigar Riqa Ali Hüquq Məktəbində iştirak etdiyi 6 həftəlik təlim çərçivəsində bir sıra silsilə tədbirlərdə iştirak etmişdir.

12 iyun tarixində Babayeva Nigar “Latviya Respublikasının NATO və Avropa İttifaqına uğurlu inteqrasiyasının səbəbləri” mövzusunda seminarda iştirak etmişdir. Seminarın qonaq mühazirəçisi Latviya Respublikası Parlamentinin Avropa İttifaqı Komitəsinin rəhbəri xanım Lolita Cigane idi. O, İttifaqa qoşulma meyarları və ya Kopenhagen meyarları (1993-cü ildə Kopenhagendə müəyyənləşdirilmişdir)- siyasi meyarlar: demokratiyanı təmin edən qurumların sabitliyi, qanunun aliliyi, insan hüquqları və azadlıqlarına hörmət və qorunması; iqtisadi meyarlar: fəaliyyət göstərən bazar iqtisadiyyatı, azad rəqabət və qeyri-sağlam rəqabətlə mübarizə qabiliyyəti haqqında məlumat vermişdir. Daha sonra Aİ-a qoşulma prosesi (birləşmə) və bu prosesdə Latviya Respublikasinin üzləşdiyi problemlər haqda ətraflı çıxış etmişdir.

DGKA əməkdaşı 13 iyun tarixində “Miqrasiyanin siyasi aspektləri” mövzusunda seminarda iştirak etmişdir. Seminarın qonaq mühazirəçisi cənab Aldis Austers miqrasiyanın üç növü (1. Daxili miqrasiya bir ölkə, yaxud region daxilində baş verir; 2. Dövlətlərarası miqrasiya qonşu ölkələrə yerdəyişməni bildirir;  3. Transmilli miqrasiya zamanı miqrantlar bir neçə ölkənin ərazisindən keçərək müəyyən bir ölkəyə gedirlər) haqqında məlumat vermişdir.  Qeyd etmişdir ki, kütləvi miqrasiyanın əsas səbəbləri ölkədə inkişaf səviyyəsinin çox aşağı olması, silahlı münaqişələr və hərbi əməliyyatlardır. Dünyada gedən miqrasiya proseslərinin xüsusiyyətlərinə elmi və texnoloji inkişafla şərtlənən keyfiyyət dəyişiklikləri mühüm təsir göstərir, nəticədə miqrantlar arasında yüksək ixtisaslı mütəxəssislərin sayı xeyli artır. Bu gün “beyin axını”nı onun dövranı əvəz etmiş, miqrasiyanın istiqamətlərinin diversifikasiyası baş vermişdir.

Babayeva Nigar 15-16 iyun tarixlərində isə “Diplomatiya və Beynəlxalq münasibətlər” mövzusunda seminarda iştirak etmişdir. Seminarın qonaq mühazirəçisi Latviya Respublikasının Maliyyə Nazirliyinin Avropa Ittifaqı üzrə məsləhətçisi, hazırda Latviya Beynəlxalq Münasibətlər İnstitutunun  direktor müavini cənab Karlis Bukovskiy Diplomatiyanin əsasən beynəlxalq münasibətlərin siyasi tənzimləmə vasitəsi və zor tətbiq etmə və zorla hədələmənin qadağan olunduğu müasir dövrdə xarici siyasətin həyata keçirilməsinin əsas vasitəsi olduğunu qeyd etmişdir. O, dövlətlərin xarici əlaqələr sahəsində fəaliyyət göstərən əsas orqanlarının fəaliyyətini tənzimləyən mühüm konvensiyalardan olan diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəd  Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası  və 1963-cü il Konsul əlaqələri haqqında Vyana Konvensiyası haqqında ətraflı məlumat vermişdir.

Seminarlarda iştirakçılar və mühazirəçilərlə fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.