DGKA-nın müəllimi Sumqayıt Dövlət Universitetində keçirilən beynəlxalq elmi konfransda çıxış etdi

2017-05-26

 

    Azərbaycan Respblikası Dövlət Gömrük Komitəsinin Akademiyasının “İqtisadiyyat və təbiət fənləri” kafedrasının baş müəllimi İsmayılov Elviz 25 may tarixində Sumqayıt Dövlət Universitetində təşkil edilmiş “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmişdir. Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti və AMEA Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetinin 55 illiyi münasibətilə təşkil edilmişdi.

    Konfransda ilk çıxışı sözünü Prof. Misir Mərdanov dedi və o, beynəlxalq konfransın keçirilməsinin elm və təhsilimizin inteqrasiyasına böyük təkan olduğunu vurğuladı. 

    Tədbirdə həmçinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi, İdarəetmənin ümumi problemləri kafedrasının prof. Andrey Fursikov, Başqırdıstan Dövlət Universitetinin Sterlitamak filialı Riyazi analiz kafedrasının müdiri, Başqırdıstan Respublikası EA-nın müxbir üzvi, prof. Kamil Sabitov, Tbilisi Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun əməkdaşı prof. Tamaz Tadumadze, İvan Franko adına Lvov Milli Universitetinin Diferensial tənliklər kafedrasının müdiri prof. Mikola İvançov, Sumqayıt Dövlət Universitetinin Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri prof. Fikrət Feyziyev məruzə ilə çıxış etdilər. Konfrans zamanı funksional analiz və funksiyalar nəzəriyyəsi, diferensial tənliklər və riyazi fizika, optimallaşdırma və optimal idarəetmə, riyaziyyat və informatikanın tədrisi metodikasının aktual məsələləri üzrə məruzələr dinlənildi, müzakirələr aparıldı.

    DGKA-nın müəllimi İsmayılov Elvizin “Azərbaycan dilində çap əlyazma simvollarinin taninmasina dayaq vektorlar üsulunun tətbiqi” adlı çıxışı konfransda böyük maraq doğurdu.

    Qeyd edək ki, konfransa 385 nəfərin 310 tezisi qəbul edilmişdir və onlar konfrans materialları toplusu şəklində çap ediləcəkdir.