Bizlə əlaqə (994 12) 404 22 00

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşdə iştirak ediblər.

2017-02-27

     XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib.

     Paytaxtın Azadlıq meydanından başlayan və 40 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

     Ön sırasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın olduqları yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başladılar.
Ümumxalq yürüşünün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 25 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilirdi.

     Bütövlükdə bu ümumxalq yürüşü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsidir. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.