Bizlə əlaqə (994 12) 404 22 00

İqtisadi təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı elmi-praktiki konfrans işə başlayıb

2017-01-27

 

    Yanvarın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı elmi-praktiki konfrans işə başlayıb.

    Konfransın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, prof. Aydın Əliyev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, prof. Ziyafət Əsgərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, prof. Ədalət Muradov, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə iştirak ediblər.

    Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə təbriklərini çatdıran Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov yubileylə bağlı tədbirlər çərçivəsində təşkil olunan konfransın İqtisad Universitetində keçirilməsinə və bu ali təhsil ocağına göstərilən etimada görə təşəkkürünü bildirib. Eyni zamanda, rektor Azərbaycan gömrük orqanlarının ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasındakı rolundan, iqtisadi inkişafa verdiyi töhfələrdən söhbət açıb.

    Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 30 yanvar 1992-ci ildə yaradılsa da, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, bütün sahələrdə olduğu kimi,  gömrük sistemi də dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilib.

    Belə ki, 1995-ci ilin yanvarında Azərbaycan Prezidentinin yanında gömrük xidmətinin fəaliyyətinə dair keçirilən tarixi müşavirədən sonra respublikada gömrük işinin inkişafına böyük təkan verildi, gömrük orqanlarında köklü kadr dəyişiklikləri aparıldı. Dövlət başçısının iştirakı ilə 1997-ci ilin yanvarında keçirilən və Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə həsr edilən yığıncaqdan sonra isə dahi rəhbərin proqram xarakterli çıxışından irəli gələn vəzifələri reallaşdıran gömrük orqanları peşəkar kadrların hazırlanması, gömrük işi sahəsində müasir metodologiyanın tətbiqi, beynəlxalq əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, hüquqpozmalara qarşı mübarizə və digər sahələrdə mühüm nailiyyətlər əldə etdi.

    Sonra Komitə sədri “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyaya Azərbaycan Gömrük Xidmətinin döş nişanını təqdim edib.

    Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya çıxışına yubiley təbriki ilə başlayaraq, Azərbaycan gömrük orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, mədəni irsin qorunması və digər sahələrdə mühüm nailiyyətlər əldə olunduğunu, bu nailiyyətləri təqdirlə qarşıladığını və Azərbaycan Gömrük Xidmətilə əməkdaşlıqdan məmnunluq duyduğunu ifadə edib. Azərbaycanın iqtisadi təhlükəsizliyin təmin olunmasına və ticarətin asanlaşdırılmasına böyük töhfə verdiyini diqqətə çatdıran ÜGT-nin Baş katibi Azərbaycan Gömrük Xidmətinin regional səviyyədə lider olduğunu vurğulayıb.

    Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Dövlət Gömrük Komitəsinin 25 illik yubileyi, eyni zamanda, 26 yanvar - Beynəlxalq Gömrük Günü münasibətilə Milli Məclis adından təbriklərini çatdırıb. Ziyafət Əsgərov iqtisadi təhlükəsizliyin qloballaşan dünyanın qarşısında duran ən önəmli məsələlərdən biri olduğunu və Azərbaycan gömrüyünün həm ölkəmizin, həm də beynəlxalq ticarətin təhlükəsizliyinin təmin edilməsində mühüm işlər gördüyünü vurğulayıb. Milli Məclis sədrinin birinci müavini Azərbaycanın iqtisadi sahədə əldə etdiyi inkişafda, regional layihələrin icra olunmasında gömrük orqanlarının gərgin əməyi olduğunu bildirib.

    Öz növbəsində, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Dövlət Gömrük Komitəsinin önəmli dövlət strukturlarından biri olduğunu və iqtisadi təhlükəsizliyin qorunmasında müstəsna rol oynadığını vurğulayıb. Ziyad Səmədzadə konfransın Azərbaycanın iqtisadi inkişaf tarixində çox böyük məna kəsb etdiyini, hədəfləri aydın görünən tədbir olduğunu, o cümlədən, Azərbaycan iqtisadçıları üçün yeni hədəflərin müəyyən olunmasına şərait yaradacağını söyləyib.

    Açılış mərasiminin sonunda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Dövlət İqtisad Universiteti arasında “Elmin inkişafı və kadr potensialının gücləndirilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb.

    Sonra konfrans “İqtisadi tənzimləmə vasitələri - beynəlxalq ticarətə dəstək” və “Dövlət nəzarəti formaları - hüquqi tənzimləmə” mövzularında sessiyalarla işini davam etdirib.

    Qeyd edək ki, sessiyalarda Azərbaycan, Litva, Ukrayna, Laos, Çin, Özbəkistan, Rusiya, Macarıstan, Makedoniya, İtaliya və ABŞ-ın ali təhsil müəssisələri və gömrük xidmətləri, eləcə də Ümumdünya Gömrük Təşkilatının mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.