Bizlə əlaqə (994 12) 404 22 00

Muzey Mərkəzində “Gömrükçü həyatı” adlı fotosərgi keçirilib.

2016-12-27

     Muzey Mərkəzində “Gömrükçü həyatı” adlı fotosərgidə akademiyamızın tələbələri iştirak etdilər.

     Dekabrın 27-də Bakı şəhərində, Muzey Mərkəzinin sərgi qalereyasında Dövlət Gömrük Komitəsinin əməkdaşı, həvəskar fotoqraf Aydın Mehdiyevin “Gömrükçü həyatı” adlı fərdi fotosərgisinin açılış mərasimi olub.

     Açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, sərgi Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi ilə bağlı tədbirlər çərçivəsində təşkil olunub. Gömrük orqanlarının ticarətin asanlaşdırılması və sadələşdirilməsi, gömrük      nəzarəti, qaçaqmalçılıqla mübarizə kimi fəaliyyətlərlə yanaşı, Azərbaycan mədəniyyətinin, incəsənətinin və tarixinin təbliğinə də xüsusi önəm verdiyini vurğulayan Komitə sədri, bu istiqamətdə dünyanın müxtəlif ölkələrində, mötəbər beynəlxalq qurumların mənzil qərargahlarında tədbirlər, sərgilər, konsert proqramlarının təşkil olunduğunu qeyd edib. Bu dəfəki tədbirin digərlərindən fərqləndiyini bildirən Aydın Əliyev sərgidə iştirak edənlərin peşəkar gömrükçü-həvəskar fotoqrafın gözü ilə gömrükçünün 1 günlük fəaliyyətini izləmək imkanı əldə edəcəklərini diqqətə çatdırıb.

     Sonra tədbirdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan Gömrüyünün 25 illik yubiley tədbirlərinə mədəniyyət tədbiri ilə başlamasının gömrük orqanlarının mədəniyyətə verdiyi önəmin bariz nümunəsi olduğunu bildirib. Əbülfəs Qarayev mədəni abidələrin qorunması və qaçaqmalçılığının qarşısının alınması istiqamətində Azərbaycan gömrüyünün mühüm addımlar atdığını və dünya mədəni irsinə mühüm töhfələr verdiyini qeyd edib. Mədəniyyət və Turizm naziri onu da bildirib ki, Azərbaycan Gömrüyünün keçirdiyi tədbirlərin mədəni hadisələrlə zəngin olması bu qurumda çalışan hər bir əməkdaşın xalqına, onun adət-ənənəsinə bağlılığının təzahürü kimi qiymətləndirilməlidir. Daha sonra Əbülfəs Qarayev Aydın Mehdiyevin Mədəniyyət və Turizm Nazirliyi adından “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunduğunu diqqətə çatdırıb və döş nişanını müəllifə təqdim edib.

     Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov açılış mərasimində çıxış edərək gömrük orqanlarının mədəniyyətimizin təbliğindəki rolundan, təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsinin əməkdaşlığından və bu əməkdaşlığın ümumi işə töhfəsindən bəhs edib.

     Xalq rəssamı Ağaəli İbrahimov “Gömrükçü həyatı” adlı fotosərginin də Dövlət Gömrük Komitəsinin mədəniyyətə, incəsənətə göstərdiyi diqqətin daha bir bariz nümunəsi olduğunu söyləyib. 2007-ci ildə Dövlət Gömrük Komitəsinin 15 illik yubileyi münasibətilə özünün və həmkarlarının gömrük mövzusunda rəsmlərindən ibarət sərginin keçirildiyini xatırladan xalq rəssamı bu kimi tədbirlərin həm maarifləndirmə işi, həm də yaradıcı insanların fikir və duyğularının cəmiyyətə çatdırılması üçün bir imkan olduğunu vurğulayıb. Ağaəli İbrahimov Azərbaycan gömrüyünün tarixinin rəngkarlıq əsərlərində olduğu kimi, foto əsərlərində də əksini tapmasının önəmini qeyd edib və buna görə təşkilatçılara, eləcə də sərginin müəllifinə minnətdarlığını bildirib, yeni-yeni uğurlar arzulayıb.

     Sonra sərginin açılışını bildirən qırmızı lent kəsilib və tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar. Sərgidə nümayiş olunan fotolar maraqla qarşılanıb.

     Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan “Gömrükçü həyatı” fotosərgisində 120 şəkil sərgilənir. Müəllif fotokameranın yaddaşına gömrük əməkdaşlarının gündəlik iş fəaliyyətilə bağlı məqamları köçürüb. Şəkillər 2016-cı ilin oktyabr-noyabr aylarında, bir neçə gün ərzində Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Astara, Balakən, Biləsuvar, Tovuz, Xaçmaz, Culfa, Sədərək, Şahtaxtı və digər gömrük idarələrində çəkilib.

     Azərbaycanda indiyədək bir sıra sərgiləri keçirilən Aydın Mehdiyev, eyni zamanda, ölkə xaricində təşkil olunan fotosərgilərə qatılıb.

     BP şirkətinin Avropa paytaxtlarında - London, Paris, Cenevrə və digər şəhərlərdə keçirdiyi “Azərbaycan obyektivdə” adlı fotosərgidə iştirak edib, ABŞ-ın nüfuzlu “View Bug” fotomüsabiqəsində isə onun əsəri peşəkar fotoqrafların müsabiqəyə təqdim etdiyi 116 min foto arasında ilk onluğa düşüb.

    2012-ci ildə Azərbaycanda “İlin fotoqrafı” adını qazanan Aydın Mehdiyev həmin ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Azərbaycan diasporu Rusiyada” adlı fotosərginin iştirakçısı olub, həmçinin Sankt-Peterburq şəhərindəki B.N.Yeltsin adına Prezident Kitabxanasında keçirilən fotomüsabiqədə “Müasir texnologiyalar” nominasiyası üzrə I yerə layiq görülüb.

     18 ildən artıq müddətdə gömrük orqanlarında xidmət edən Aydın Mehdiyev elmi nailiyyətləri ilə də diqqət çəkir. Fizika-riyaziyyat elmləri namizədi, texnika elmləri doktoru olan Aydın Mehdiyev 56 elmi məqalənin və 2 kitabın müəllifidir.

     Xatırladaq ki, “Gömrükçü həyatı” adlı fotosərgi dekabrın 30-dək davam edəcək.