DGKA-da Binəqədi Rayon Məhkəməsi ilə birgə tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Binəqədi Rayon Məhkəməsi və Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) birgə təşkilatçılığı ilə “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” adlı tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, müəllimləri, tələbələri, Binəqədi Rayon məhkəməsinin sədri və hakimləri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və Binəqədi Rayon məhkəməsinin sədri Şeyda Mərəhərrəmova tədbirin gənclərin hüquqi biliklərinin artırılması baxımıdan önəm daşıdığını vurğulayaraq, Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı rolu, Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli dövlət siyasəti və Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan islahatlar barəsində bəhs ediblər.
Daha sonra “Konstitusiya və Suverenlik İli”nə həsr olunan videoçarx nümayiş olunub.
Tədbirdə Akademiyanın müəllimi Fərda Cabbarlı “Ədalətli cəmiyyətin formalaşmasında hüquq və azadlıqların məhkəmə müdafiəsinin təminatları” mövzusunda çıxış edib.
Tədbir Binəqədi Rayon məhkəməsinin hakimləri Anar Rzayev və Aytəkin İbrahimovanın təqdimatında “Məhkəmə hakimiyyəti və onun həyata keçirilməsi vasitələri: konstitusiya, cinayət, mülki və inzibati məhkəmə icraatı konteksində”, eləcə də “Azadlıq hüququ: tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqları əsas konstitusion prinsip kimi” mövzularında təlimlə davam edib.
Sonda tələbələrin sualları təlimçilər tərəfindən cavablandırılıb.












