DGKA-da magistrlik dissertasiyalarının müdafiəsi keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2024/2025-ci tədris ilində magistratura səviyyəsi üzrə təhsillərini başa vuran “Beynəlxalq iqtisadi hüquq” və “Gömrük işi” ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.
Müdafiədə Dövlət Gömrük Komitəsi sədrinin müavini gömrük xidməti general-mayoru Natiq Şirinov, Komitənin məsul əməkdaşları, Bakı Dövlət Universitetinin (BDU) və Akademiyanın müəllimləri iştirak ediblər.Magistratura səiyyəsi üzrə ixtisaslaşmış Elmi şura iclasları “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşması üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov, “Gömrük işi” ixtisaslaşması üzrə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, iqtisad elmləri namizədi Azər Əmiraslanovun sədrliyi ilə keçirilib.
Müdafiədə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq müdafiə prosesi haqqında məlumat verib və iştirakçılara uğurlar arzulayıb.
Sonra tələbələr dissertasiya işlərinin mövzularına uyğun müxtəlif sahələr üzrə araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlarla çıxış edərək sualları cavablandırıblar.
Sonda müvafiq ixtisaslaşmış Elmi şuranın sədrləri və üzvləri çıxış edərək məzunlara uğurlar diləyiblər.